Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

Haqqımızda

“Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs (AzAK) akkreditasiya üzrə prinsip və qaydalara riayət olunmasını təmin edən və uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən qurumların akkreditasiya tələblərinə cavab verməsini təsdiqləyən dövlətin səlahiyyətli, vahid milli orqanıdır.

AzAK sınaqların aparılması, kalibrləmə və inspeksiya xidmətlərinin göstərilməsi, malların və fiziki şəxslərin sertifikatlaşdırılması, səriştəlilik sınaqlarının təşkili, standart nümunə istehsalı, validasiya və verfikasiya kimi fəaliyyətləri təmin edən təşkilatların, hüquqi və fiziki şəxslərin akkreditasiyasını "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının Qanununa, milli və beynəlxalq standartların tələblərinə uyğun olaraq həyata keçirir.

AzAK uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasından başqa (uyğunluğu qiymətləndirən qurumlara təlimlərin keçirilməsi istisna olmaqla) digər fəaliyyətlərlə məşğul olmur.

AzAK-ın saxlanması və fəaliyyətinin təmin edilməsi həmin fəaliyyətdən əldə etdiyi gəlirlər (o cümlədən aldığı kreditlər, qrantlar, texniki yardımlar, işlərin görülməsindən, xidmətlər göstərilməsindən daxilolmalar, İqtisadiyyat Nazirliyinin maliyyə yardımı və s.) hesabına həyata keçirilir.

AzAK fəaliyyəti zamanı aşağıda sadalanan standartlar, texniki normativ-hüquqi aktlarda müəyyən olunmuş tələblər və digər normativ sənədlərdən istifadə etməklə akkreditasiya sxemlərini tətbiq edir. AzAK tərəfindən akkreditasiya sxemlərinin formalaşdırılmasına dair idarəetmə sisteminin sənədləri hazırlanıb:

  • Sınaq və kalibrləmə laboratoriyalarının akkreditasiyası üçün AZS ISO/IEC 17025;
  • İnspeksiya orqanlarının akkreditasiyası üçün AZS ISO/IEC 17020;
  • Malın (xidmətin, işin) sertifikatlaşdırılmasını aparan qurumların akkreditasiyası üçün AZS ISO/IEC 17065;
  • İdarəetmə sistemlərinin sertifikatlaşdırılmasını aparan qurumların akkreditasiyası üçün AZS ISO/IEC 17021-1;
  • İşçi heyətinin sertifikatlaşdırılmasını yerinə yetirən qurumların akkreditasiyası üçün AZS ISO/IEC 17024;
     

 

Yuxarıda qeyd olunan standartlarla əlaqəli fəaliyyət üçün AzAK-ın idarəetmə sisteminin sənədləri Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatının (EA), Beynəlxalq Akkreditasiya Forumu (IAF), Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatının (ILAC) məcburi sənədlərinin tələbləri nəzərə alınmaqla hazırlanıb.

 

Tarixi

Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 27 dekabr tarixli fərmanı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yaradılıb.

Prezident İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli sərəncamı ilə Dövlət Agentliyinin bazasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yaradılıb. Komitə texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində dövlət siyasətini həyata keçirib.

Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli fərmanına əsasən “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs yaradılıb.