Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

Akkreditasiya nədir ?

Akkreditasiya qurumun uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərməsi üçün onun texniki normativ-hüquqi aktlarda, standartlaşdırma sahəsindəki  müvafiq normativ sənəddə müəyyən olunmuş tələblərə cavab verdiyini, eləcə də uyğunluğun qiymətləndirilməsi işlərini yerinə yetirmək səriştəliliyinə malik olduğunu təsdiq etmək üçün aparılan rəsmi və müstəqil yoxlamadır.

Uyğunluğun qiymətləndirilməsi malın, işin, xidmətin, idarəetmə sistemlərinin, istehsal metodunun və fiziki şəxslərin texniki reqlamentdə və digər normativ-hüquqi aktda, həmçinin standartlaşdırma sahəsindəki müvafiq normativ sənəddə müəyyən olunmuş tələblərə uyğunluğunun müəyyənləşdirilməsidir.

Sınaq, kalibrləmə, inspeksiya, idarəetmə sistemlərinin, fiziki şəxslərin, məhsulların, proseslərin və xidmətlərin  sertifikatlaşdırılması, səriştəlilik sınaqlarının təşkil edilməsi, istinad materiallarının istehsalı, validasiya və verifikasiya uyğunluğun qiymətləndirilməsi fəaliyyətlərinə daxildir.

Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya prosesinin sonunda verilən sənəd, yəni akkreditasiya attestatı “Lisenziyalar və icazələr haqqında” Qanuna əsasən icazə sənədi hesab edilir.

Akkreditasiyanın üstünlükləri

Akkreditasiya uyğunluğun qiymətləndirilməsi xidmətlərini təklif edən qurumların və eləcə də həmin qurumlardan xidmət alan subyektlərin keyfiyyətinin yaxşılaşdırılmasını təmin edir.

Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya etibarlı nəticələrə malik sınaqların, dəqiq ölçmə və kalibrləmə xidmətlərinin, inspeksiya xidmətlərinin, eləcə də yüksək keyfiyyətə və təhlükəsizliyə malik mal və xidmətlərin bazara çıxışını təmin edir. Sənaye müəssisələri daha etibarlı sınaq nəticələri və kalibrləmə xidmətləri ilə istehsalın yaxşılaşdırılmasına nail olurlar. Bununla da istehlakçılar dayanıqlı, etibarlı keyfiyyət və təhlükəsizliyə malik mal və xidmətlərə çıxış əldə edirlər.

Dövlət və özəl müəssisəslər keyfiyyəti əsas tutaraq akkreditasiyadan keçmiş qurumlara daha çox üstünlük verirlər. Məhz bu səbəbdən akkreditasiyadan keçmiş qurumların xidmətləri bazarda daha çox qəbul olunmaqla rəqabət üstünlüyünə malik olur.