Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

“Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsə (AzAK) ilkin akkreditasiya üçün müraciət etmiş və ya AzAK tərəfindən akkreditasiya olunmuş laboratoriyaların nəzərinə

“Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsə (AzAK) ilkin akkreditasiya üçün müraciət etmiş və ya AzAK tərəfindən akkreditasiya olunmuş laboratoriyaların nəzərinə

 MƏLUMAT

 

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki AzAK-ın Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatına (bundan sonra - ILAC) tam həqiqi üzv kimi qəbul olunması nəzərdə tutulmuşdur.

AzAK-ın ILAC-a tam hüquqlu üzv olması və ILAC-la Qarşılıqlı Tanınma Sazişini imzalaması üçün ISO/IEC 17011 - “Uyğunluğun qiymətləndirilməsi qurumlarını akkreditasiya edən orqanlara tələblər” beynəlxalq standartının bütün tələblərini yerinə yetirməsi tələb olunur. Bu məqsədlə ILAC-ın tələbləri, eləcə də bir sıra qabaqcıl ölkələrin müvafiq sahədəki təcrübəsi öyrənilmiş, AzAK-ın idarəetmə sisteminin sənədləri beynəlxalq akkreditasiya tələblərinə uyğunlaşdırılmış, 2023-cü ilin 1 sentyabr tarixindən tətbiqinə başlanılmış və AzAK-ın rəsmi internet səhifəsində yerləşdirilmişdir.

Keçid siyasətində qeyd edilmiş AzAK P011 “Səriştəlilik sınaqları və laboratoriyalararası müqayisə proqramları ilə bağlı siyasət sənədi”ndə laboratoriyaların müvafiq səriştəlilik sınaqları və laboratoriyalararası müqayisə fəaliyyətlərinə dair tələblər göstərilmişdir. Tələblərdən biri akkreditasiyadan əvvəl səriştəlilik sınaqları və laboratoriyalararası müqayisə fəaliyyətindən əldə edilmiş nəticələrin sübutlarla birlikdə AzAK-a təqdim edilməsi və akkreditasiyanın verilməsi üçün ən azı bir uğurlu nəticənin əldə olunmasıdır. Adıçəkilən prosedurda istisna hallarda, yəni səriştəlilik sınaqları və ya laboratoriyalararası müqayisə proqramlarının mövcud olmadığı və ya iştirakın mümkün olmadığı hallarda müzakirə əsasında alternativ yolların müəyyən edilə biləcəyi vurğulanmışdır.

AzAK tərəfindən ISO/IEC 17043 standartı üzrə uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya prosesinin həyata keçirilmədiyini, hal-hazırda Azərbaycan Respublikasının keyfiyyət infrastrukturunda ISO/IEC 17043 standartı üzrə akkreditasiyadan keçmiş səriştəlilik sınaqları təminatçılarının mövcud olmadığını, o cümlədən adıçəkilən fəaliyyətin müntəzəm deyil, müəyyən edilmiş aralıqlarla və tarixlərdə keçirildiyini nəzərə alaraq AzAK-a ilkin akkreditasiya üçün müraciət etmiş laboratoriyalar aşağıdakı qaydalara əməl etməlidirlər:

  1. AzAK-a AZS ISO/IEC 17025:2020 standartına uyğun akkreditasiya olunmaq üçün müraciət etmiş laboratoriyalar AzAK F011-01 “Səriştəlilik sınaqları və müqayisəli ölçmələrdə iştirak siyahısı" formasını tərtib etməli, formanın plan bölməsində akkreditasiya sahəsinin ən azı 20%-ni əhatə edəcək səriştəlilik sınaqları və laboratoriyalararası müqayisə proqramları ilə bağlı planı daxil etməli, həmin planın əsaslılığını təmin edən səriştəlilik sınaqları təminatçıları ilə imzalanmış müqavilələri, proqramları qiymətləndirmə komissiyasına təqdim etməlidirlər;
     
  2. Akkreditasiya qiymətləndirməsi zamanı AZS ISO/IEC 17025:2020 standartının 7.7-ci “Nəticələrin etibarlılığının təmin edilməsi” bəndinin tələblərinin yerinə yetirilməməsi aşkar olunarsa, qiymətləndirmə komissiyası tərəfindən açılmış uyğunsuzluğun aradan qaldırılması üçün AzAK F005-25 “Uyğunsuzluqların izlənilməsi və nəticələrinə dair hesabat” formasının “Uyğunsuzluqların həlli məqsədilə görülən və ya görülməsi nəzərdə tutulan konkret tədbirlər” bölməsində AzAK-a səriştəlilik sınaqları və laboratoriyalararası müqayisə proqramlarında iştirakla bağlı planın təqdim ediləcəyini və “Uyğunsuzluqların aradan qaldırılması üçün son tarix” bölməsində müddəti (müddət 3 aydan artıq ola bilməz) qeyd etməlidir;
     
  3. Laboratoriya AZS ISO/IEC 17025:2020 standartının 7.7-ci bəndi üzrə açılmış uyğunsuzluğun aradan qaldırılması üçün AzAK F005-25 formasında qeyd etdiyi müddət ərzində AzAK F011-01 “Səriştəlilik sınaqları və müqayisəli ölçmələrdə iştirak siyahısı"nın plan bölməsinə akkreditasiya sahəsinin ən azı 20%-ni əhatə edəcək səriştəlilik sınaqları və laboratoriyalararası müqayisə proqramları ilə bağlı planı daxil etməli, həmin planın əsaslılığını təmin edən səriştəlilik sınaqları təminatçıları ilə imzalanmış müqavilələri, proqramları qiymətləndirmə komissiyasına təqdim etməlidir;
     
  4. Laboratoriya AzAK F011-01 formasında qeyd edilmiş məlumatların (plan və həyata keçirilməsi ilə bağlı vəziyyət) vaxtaşırı yenilənməsini, akkreditasiya tsikli (3 il) ərzində AzAK-ın AzAK P011 prosedurunun 4.2.1 və 4.2.2-ci  bəndlərinə əsasən müəyyən edilən hər bir alt sahə üzrə ən azı bir dəfə səriştəlilik sınaqlarında iştirakı təmin etməli və uğurlu nəticələr əldə etməlidir;
     
  5. 4-cü bənddə qeyd edilən tələb laboratoriyanın akkreditasiyası üçün vacib şərtdir;
     
  6. Akkreditasiya tsikli proqramına uyğun olaraq həyata keçirilən (tsikl ərzində iki dəfə)  illik qiymətləndirmələrdən əvvəl əldə edilmiş nəticələr AzAK F011-01 sənədinə qeyd edilməli və sübutlarla birlikdə AzAK-a təqdim edilməlidir. Səriştəlilik sınaqları və ya laboratoriyalararası müqayisə proqramlarında iştirak etmək və uğurlu nəticələr əldə etməklə bağlı tələbin yerinə yetirilməməsi ciddi uyğunsuzluq kimi qeyd olunacaqdır. Uyğunsuzluqların müəyyən edilmiş müddətdə aradan qaldırılmaması, uyğunsuzluğun xarakterindən asılı olaraq, akkreditasiya sahəsinin məhdudlaşdırılması və ya akkreditasiya attestatının ləğvi üçün əsasdır.
     

Səriştəlilik sınaqları təminatçılarına dair məlumat https://rb.gy/gafzh9

Məlumatların düzgünlüyünə və həyata keçirilən proqramlara görə AzAK heç bir məsuliyyət daşımır.

Beynəlxalq səriştəlilik sınaqları təminatçıları və proqramları barədə məlumatları EPTIS - European Proficiency Testing Information System (Səriştəliliyin Qiymətləndirilməsi üzrə Avropa Məlumat Sistemi) məlumat bazasından əldə edə bilərsiniz.

Bu xəbəri paylaşın :