Şrift ölçüsü
A
A
A
Şəkilsiz təsvir
Rəngsiz təsvir
x

Beynəlxalq statusumuz

Beynəlxalq statusumuz

AzAK-ın əsas strateji hədəfləri sırasında akkreditasiya nəticələrinin beynəlxalq səviyyədə tanınmasına nail olmaq, qarşılıqlı tanınma haqqında sazişlərə qoşulmaq, akkreditasiya sisteminin dayanıqlılığının təmin edilməsi üçün beynəlxalq və regional təşkilatların işində aktiv iştirak etmək, digər ölkələrin akkreditasiya qurumları ilə qarşılıqlı əlaqələri inkişaf etdirmək, təlimlər, seminarlar və təcrübə mübadiləsi vasitəsilə kadr potensialını artırmaq dayanır.

Azərbaycan Akkreditasiya Mərkəzi Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatına (EA) 22.11.2017-ci il tarixində assosiativ üzv kimi qəbul edilib.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa Birliyindən çıxması (BREXIT) nəticəsində EA üzvlük kateqoriyalarına yenidən baxılıb və 25.11.2021-ci il tarixində Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatının (EA) yeni qaydaları qəbul edilib. Həmin qaydalara əsasən “Assosiativ” üzvlülük kateqoriyası ləğv edilərək EA üzvləri 4 kateqoriyaya bölünüb. Hazırda yeni bölgüyə əsasən AzAK “B” kateqoriyası üzrə üzvlük statusundadır. https://european-accreditation.org/wp-content/uploads/2021/01/AoA-25-Nov-2021.pdf

Azərbaycan Akkreditasiya Mərkəzi 07.03.2018-ci il tarixindən Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatına (ILAC) Assosiativ üzv olaraq qəbul edilib.

ILAC dünya miqyasında laboratoriyaların, inspeksiya orqanlarının, səriştəlilik sınaqları təminatçılarının və standart nümunə istehsalçılarının akkreditasiyası üzrə beynəlxalq qurumdur, dünya üzrə bu istiqamətdə akkreditasiya xidmətlərinin qarşılıqlı tanınmasını təmin edir.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda ILAC-a tam hüquqlu üzv olması AzAK qarşısında hədəf kimi qoyulub.

AzAK-ın ILAC-a tam hüquqlu üzv olması və ILAC-la Qarşılıqlı Tanınma Sazişinin imzalanması üçün ISO/IEC 17011 - “Uyğunluğun qiymətləndirilməsi qurumlarını akkreditasiya edən orqanlara tələblər” beynəlxalq standartının bütün tələbləri yerinə yetirilməlidir. Hazırda AzAK-ın idarəetmə sisteminin sənədləri ISO/IEC 17011 – “Uyğunluğun qiymətləndirilməsi qurumlarını akkreditasiya edən orqanlara tələblər” beynəlxalq standartının tələblərinə uyğunlaşdırılıb və 2023-cü ilin 1 sentyabr tarixindən tətbiqinə başlanılıb.

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il  23 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nda AzAK-ın fəaliyyətinin ISO/IEC 17011 - “Uyğunluğun qiymətləndirilməsi qurumlarını akkreditasiya edən orqanlara tələblər” beynəlxalq standartının tələblərinə uyğunlaşdırılması AzAK qarşısında hədəf kimi qoyulub.